Prokuror Bakıda qızını və arvadını öldürməyə cəhd edən şəxsə cəza istəyib
- 13 iyun, 2017
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını və həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Sərdar Səmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında S.Səmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses günün ikinci yarısınadək təxirə salınıb.
Qeyd edək ki, S.Səmədov onunla rəsmi nikahda olan, lakin faktiki olaraq ayrı yaşayan həyat yoldaşı Baysaba Səmədova və qızı Nigar Səmədova ilə aralarında yaranan münaqişəyə görə onlardan qisas alaraq öldürmək qərarına gəlib. Bu məqsədlə 9 yanvar 2017-ci ildə axşam saatlarında Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsindəki mənzilə gələrək hasardan aşıb, pilləkənlərin arxasında gizlənərək qızının işdən qayıtmasını gözləyib. N.Səmədova həyətə daxil olub evin qapısını döymək istədikdə onun üstünə hücum çəkib, bıçaqla çoxsaylı xəsarətlər yetirib. Səs-küyə qızının köməyinə gələn arvadı Baysabaya da bir neçə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ana-balanı Kliniki Tibbi Mərkəzə aparıblar. Onların həyatını xilas etmək mümkün olub.
S.Səmədov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.