Pirallahıda qətldə təqsirləndirilən şəxsin məhkəməsində polis ifadə verib

Hadisə
  • 16 may, 2018
  • 12:33
Pirallahıda qətldə təqsirləndirilən şəxsin məhkəməsində polis ifadə verib

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Bəxtiyar Məmmədli ifadə verib.

O daha əvvəl Pirallahı Polis İdarəsində çalışdığını, hadisə barədə idarəyə məlumat daxil olduğunu deyib: "Biz də onu axtarmağa başladıq. Sonra Post Patrul Xidmətinin əməkdaşları efir vasitəsi ilə Zahid Məmiyevin idarədə olduğunu bildirdilər. Orada eşitdiyimə görə, Zahidin özü idarəyə yaxınlaşıb".

Daha sonra şahid qismində Seymur Qasımov dindirilib. O, Pirallahı qəsəbəsində çayxana işlətdiyini söyləyib: "İçəridə oturmuşduq. Bu zaman rəhmətlik Nəsir içəri girdi, qapının yanında məni çağırdı. O, "Seymur, ölürəm məni xəstəxanaya çatdır" dedi. Həmin zaman onun vurulduğunu bilmədim, üzərində qan ləkəsi yox idi. Onu maşına mindirib xəstəxanaya göndərdik".

Dövlət ittihamşısı şahidin ilkin ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyətlərin olduğunu deyib. S.Qasımov ibtidai istintaqda bildirib ki, mərhum içəri girəndə onun üzərində qan ləkələri olub.

Şahid isə qan ləkələrinin az olduğunu ifadə edib: "Eşitdiyimə görə, hadisə söyüş üstündə baş verib. Qız söhbəti barədə isə heç nə eşitməmişəm".

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir.