Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Körpələr "Semaşko"ya aparılandan sonra əməkdaşlar ora buraxılmayıb

Hadisə
  • 03 noyabr, 2025
  • 11:03
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Körpələr Semaşkoya aparılandan sonra əməkdaşlar ora buraxılmayıb

Perinatal Mərkəzdəki yanğın zamanı oradan "Semaşko"ya körpələr köçürüldükdən sonra mərkəzin əməkdaşları həmin xəstəxanaya buraxılmayıb.

"Report"un məlumatına görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesində təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili bildirilib.

Belə ki, sözügedən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə iclasında əvvəlcə şahidlər ifadə verib.

Şahid qismində ifadə verən Tural Süleymanov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində ekspert vəzifəsində çalışır:

"Yanğın söndürüləndən bir saat sonra hadisə yerinə dəvət olunmuşuq. Baxış keçirdikdən sonra akt tərtib etdik. Kömürləşmənin daha çox olduğu yerdə yanğının çıxdığı yer olduğu müəyyən etdik. Videoya baxandan sonra yanğının baş verdiyi yeri düzgün müəyyən etdiyimiz məlum oldu. Tədqiqatlardan sonra yanğının uzadıcıdan baş verdiyini müəyyən etdik. Yanğın baş verən otaqda hər şey yanmışdı".

Ekspert bildirib ki, ümumilikdə yanğın olan mərtəbədən 4-5 uzadıcı götürülüb:

"Hadisə yerinə baxış keçirən zaman daxili yanğın su kranları işlək olmadığını müəyyən etdik. Buna görə də yanğının qısa müddətdə qarşısının almaq mümkün olmayıb. Bununla bağlı yanğından mühafizə xidməti tərəfindən akt tərtib olunub".

Tural Süleymanovun sözlərinə görə, yanğının baş verməsini müəyyən etmək üçün elektrik cihazlarını və küvəzi götürüblər:

"Elektrik naqillərinin hamısı yanaraq kömürləşmişdi. Biz götürdüyümüz nümunələri laboratoriyaya təqdim etmişik. Yanğın çıxan otaqdan götürdüyümüz kömürləşmiş uzadıcıların qonşu otaqlardan götürdüyümüz uzadıcılarla eyni olmasını müəyyən etmişik. Elektrik üzrə mütəxəssis dəvət olundu. O, tədqiqat apardı".

Şahid əlavə edib ki, ilkin baxış zamanı yanğının elektrik naqillərindən baş verdiyini müəyyən ediblər.

Həmçinin prosesdə bir şahid barəsində məcburi gətirilmə qərarı çıxardılıb.

Prosesdə Mehriban Abbasquliyevanın vəkili bildirib ki, hadisədən sonra uşaqların bəziləri Yeni Klinika və "Semaşko" xəstəxanasına köçürülüb. Perinatal Mərkəzdən 3-nəfər "Semaşko"ya gedən zaman onları buraxmayıblar. Vəkil bu məsələni müəyyən etmək üçün sözügedən şəxslərin dindirilməsini istəyib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses dekabrın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti