Mingəçevirdə məcburi köçkünü odlu silahla öldürən şəxsin cəzası artırılıb
- 07 fevral, 2017
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 fevral. REPORT.AZ/ Şəki Apellyаsiyа Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şakir Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, Ş.Əhmədovun 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 13 il müddətinə qədər artırılıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin oktybarın 26-da Mingəçevir şəhəri, H.Əliyev prospektində məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində baş verib.
Ağdam rayonundan olan və Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün, 1984-cü il təvəllüdlü Əhmədov Şakir Rövşən oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Rəhimov Bəxtiyar Elmdar oğlunu öldürüb. Ş.Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan B.Rəhimov hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra isə Ş.Əhmədov həmin ərazidən Bakıya qaçaraq gizlənib.O, bir gün paytaxt ərazisində qaldıqdan sonra yenidən Mingəçevirə qayıdıb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhmədov tapılaraq həbs edilib. Onun qətl zamanı istifadə etdiyi odlu silah müsadirə edilib.
Ş.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti ilə Şəki Apellyаsiyа Məhkəməsinə müraciət edib.