Məhkəmə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi barəsində həbsdə axtarış qərarı çıxarıb

Hadisə
  • 08 yanvar, 2018
  • 07:57
Məhkəmə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi barəsində həbsdə axtarış qərarı çıxarıb
Report

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısının protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, prosesdə R.Əhmədovun növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Vəkil bildirib ki, məhkəmə R.Əhmədovun barəsində həbsdə axtarış qərarı çıxarıb: "Rövşən Əhmədov bu gün Bakı Appelyasiya Məhkəməsinin inzibati binasına gəldi, orada gözlədi. Kiminləsə telefon ilə danışandan sonra məhkəmə zalına daxil olmadan məhkəmə binasını tərk etdi. Nəticədə altıncı dəfə məhkəmə binasına gələrək, qanunsuz olaraq çıxıb getdi. Məhkəmə də həmin şəxsin həbsdə axtarışı ilə bağlı qərar qəbul etdi. Bildirirəm ki, Rövşən Əhmədov bundan əvvəl də üç dəfə cinayət törədib. Onun bir gün ərzində konkret olaraq Çingiz Baxışovun özünə və ailəsinə məxsus qiymətli əşyaları mənimsəməsi ilə bağlı ortada mötəbər sübut var. O isə şantaj və şou göstərməklə məhkəməyə və bizə təzyiq göstərmək istəyir. Hansı ki, onun cinayət törətdiyini hər kəs. o cümlədən qohumları da bilir".

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Ç.Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Ç.Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək R.Əhmədov barəsində CM-nin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib.

Onu da bildirək ki, R.Əhmədov bir neçə gün əvvəl yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihar etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihara səbəb keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevdir. Həmçinin ailəsinin təhlükədə oluğunu qeyd edib.

R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.