Masazırda yük maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Hadisə
  • 23 sentyabr, 2026
  • 14:10
Masazırda yük maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Masazırda yük maşını aşıb, bir nəfər ölüb, biri xəsarət alıb.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 23-ü saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən bir kişi Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 12:05 radələrində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı "Ravon" markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.