Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
- 06 mart, 2026
- 23:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kəşfiyyat xarakterli məlumatların toplanılması, terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib.
"Report" xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sadalanan təhdidlərin aradan qaldırılması üçün həyata keçirdiyi əməliyyatla bağlı "AzTV"də süjet yayılıb.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsində körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran İslam Respublikasının vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda, S.Sheikhzadehin Azərbaycanda yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşırıqlar aldığı məlum olub.
SEPAH tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqəni kəsməsi səbəbindən müəyyən edilməyib. Buna görə də, İran İslam Respublikasının vətəndaşı Hafez Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Gəmiqayırma Zavodunun yaxınlığında 1 ədəd 1280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsəfadədir. SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.
Xədicə Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra, H.Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət evinin ətrafında gizlədib.
Eyni zamanda İran İslam Respublikasının vətəndaşı Hafez Tavassoli tərəfindən ictimai xadimin həyatına sui-qəsd cinayəti törətmək məqsədilə, Azərbaycan Respublikasının vətəndaşı Şabanova Nərminə Ramiz qızı ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi ünvana getməsi, həmin yerin, eləcə də sözügedən şəxsin fotoşəkillərinin çəkilməsi barədə tapşırıqlar verilib. Bununla yanaşı, Şabanova, SEPAH-dan ictimai xadimin öldürülməsi üçün 3-cü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın qarşılanması, hoteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədilə silah və nəqliyyat vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda İsmiyev Naib Ağaismi oğlu 80 000 manat müqabilində ictimai xadimi öldürə biləcəyini Nərminə Şabanovaya bildirib. Bununla əlaqədar, Naib İsmiyev ictimai xadimin iş yerinə gedərək, cinayəti icra etməyi və icra etdikdən sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin yerin videoçəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya göndərib. Eyni zamanda onlar cinayəti icra etmək məqsədilə odlu silah, habelə digər alət və vasitələr axtarmaq və əldə etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq həyata keçiriblər.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, qeyd olunan xüsusilə ağır cinayətlərin qarşısı alınıb. Belə ki, Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər.
Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheraminin olduğu aşkar edilib.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməllərində iştirakları aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki Quliyev Tərxan Tərlan oğlu və Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu AR CM-in 28,277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə haırlıq), Əhmədov Elvin Bəhruz oğlu isə CM-in 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.
DTX bildirir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda terror-təxribat planları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.