İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslər ifadə verib

Hadisə
  • 19 iyun, 2017
  • 09:41
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslər ifadə verib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə A.Qəhrəmanov özünü qismən təqsirli bilib. R.Qasımov isə özünü təqsirli bilmədiyini söyləyib.

A.Qəhrəmanov ifadəsində qeyd edib ki, 2013-cü ildə 14 gün Suriyada olub. O, Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək olduğunu bildirib: "Orada dağıntılar altında qalanları çıxarırdım. Burada idman zallarından birində məşqçi işləyirdim. Gedəndən sonra fikirləşdiyim kimi olmadığını görüb, geri qayıtdım".

Daha sonra R.Qasımov dindirilib. O deyib ki, A.Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərdar olmayıb. Onun sözlərinə görə, A.Qəhrəmanov ondan borc pul istəyib: "Mən də pulu verdim. Əl-Nüsra cəbhəsində olan şəxslərlə danışığım olub. Mənə Suriyada vəziyyətin yaxşı olduğunu deyib, ora çağırırdılar. Lakin mən ora getmədim".

Məhkəmənin növbəti proses iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.