İrandan Azərbaycana sintetik narkotik vasitə gətirmək istəyən şəxs hava limanında saxlanılıb

Hadisə
  • 06 sentyabr, 2017
  • 05:28
İrandan Azərbaycana sintetik narkotik vasitə gətirmək istəyən şəxs hava limanında saxlanılıb
Report

Bakı. 6 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.

Yoxlama zamanaı, çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə isə onların üzərində "M 40" yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.