İmişlidə baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

Hadisə
  • 09 noyabr, 2015
  • 05:43
İmişlidə baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

Bakı. 9 noyabr. REPORT. AZ/ İmişlidə bir ailənin 3 nəfər üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Cahar kəndinin ərazisində qeydə alınıb. 

Ağcabədi rayonunda yaşayan, 1953-cü il təvəllüdlü İsa Hidayət oğlu Qasımov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Məlahət Allahverən qızı Mütəllimova və sürücünün bacısı, 1962-ci il təvəllüdlü Yaqut Hidayət qızı Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zərərçəkənlər xəstəxananın travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.