Goranboyda yük avtomobilinin obyektə çırpılmasının ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
- 08 sentyabr, 2025
- 12:13
Baş Dövlət Yol Polisi Goranboyda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən "Report"a verilən xəbərə görə, sentyabrın 7-də saat 16:30 radələrində Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin araşdırmalara əsasən, "Mercedes" markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.
Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir.
Goranboyda yük avtomobili obyektə çırpılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürcüsü, Türkiyə Cümhuriyyətinin vətəndaşı Şimşək Tənha Əlioğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.