Gömrükçülər Rusiyadan gələn yük avtomobilində siqaret və spirtli içkilər aşkar etdi
- 03 iyul, 2020
- 07:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları spirtli içki və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.
Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi " Volvo" markalı yük avtomobili saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 6 000 ədəd " Parliament Heets" markalı siqaret və gömrük nəzarətinə bəyan olunmayan 16 ədəd 0,7 litrlik " Beluga Noble" markalı spirtli içki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.