FHN-in “112” Çevik Xidmət Mərkəzinə mediatur təşkil olunub

Hadisə
  • 28 fevral, 2022
  • 08:32
FHN-in “112” Çevik Xidmət Mərkəzinə mediatur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Çevik Xidmət Mərkəzinə mediatur təşkil olunub.

"Report" xəbər verir ki, Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan xidmətin fəaliyyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən təşkil edilir.

“112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətində, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən vacib struktur bölmədir.

Bundan başqa, “112” qaynar” telefon xətti nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.

Xidmətin fəaliyyəti barədə danışan FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, polkovnik-leytenat Əsmər Salamova bildirib ki, "112” qaynar xətt xidmətinə Azərbaycan ərazisindən sabit və mobil (GSM və CDMA) telefonlardan, həmçinin telefon-avtomatlarından (taksafonlardan) ödənişsiz zəng etmək mümkündür. Həmçinin GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da "112" xidmətinə zəng etmək mümkündür. Müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir: "Hər gün nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı, o cümlədən yanğından mühafizə, qəza-xilasetmə, axtarış-xilasetmə, digər xilasetmə tədbirləri ilə əlaqədar, həmçinin nazirliyin səlahiyyətlərinə aid olmayan çoxsaylı zənglər qəbul olunur. Hər gün təqribən 6-7 min zəng qəbul edilir. Bu da il ərzində 2 milyondan artıq zəng deməkdir. Təhlillər göstərir ki, qəbul edilən zənglərin təqribən 15-20 faizi əsaslıdır, 80 faizə qədər zəng əsassız və yalan xarakterlidir".

Rəis müavini qeyd edib ki, 2016-cı ildə "112" Çevik Reaksiya İdarəsinin inzibati bölməsində əsaslı təmir-yenidənqurma işləri aparılıb. Yenidənqurmadan sonra idarə ən müasir avadanlıqlarla təmin edilib, yeni nəsil proqram təminatlarının tətbiqinə başlanılıb, iş şəraiti xeyli yaxşılaşdırılıb: "Yenidənqurmadan sonra zənglərin qəbulu, operativ emalı və yönəldilməsi məqsədi ilə yeni, müasir proqram təminatı olan “K3”dən istifadə olunur. "K3" proqram təminatı sadədir, lakin çoxfunksiyalıdır. "K3" proqram təminatı qurumlararası əlaqələndirmə və səmərəli informasiya mübadiləsini təmin edən avtomatlaşdırılmış idarəetmə sistemidir. Proqram təminatının imkanlarından istifadə etməklə zənglərin avtomatik qəbulu, qeydiyyatı və saxlanması, məlumatların elektron kartlara yazılması və saxlanması, zəng edənin yerinin xəritədə təyin olunması, çağırış ünvanına yaxın olan müvafiq qüvvələrin təyin edilməsi və sistem üzərindən cəlb olunması mümkündür. Bundan başqa, "K3" proqram təminatı bazada informasiya axtarışının aparılmasını, müxtəlif hesabatların alınmasını və digər faydalı əməliyyatların yerinə yetirilməsini təmin edir".

Mediatur zamanı şahidi olduğumuz önəmli məqamlardan biri də “112” qaynar” telefon xətti zalında işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə çağrı mərkəzləri üçün nəzərdə tutulan xüsusi iş masaları quraşdırılmasıdır. Sözügedən stolların özəlliyi ondan ibarətdir ki, işçinin boyuna görə tənzimlənə bilir, bununla da oturaq və ayaqüstü vəziyyətlərdə işləmək imkanını təmin edir.

O da qeyd olunub ki, “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələbləri nəzərə alınaraq, dispetçer-operator heyətinin nəzəri bilik səviyyəsinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi məşğələlər keçirilir.

Məşğələlərdə nazirliyin fəaliyyəti ilə bağlı qanunvericilik aktları və digər normativ sənədlərin, həmçinin texniki vasitələrdən düzgün və səmərəli istifadə üsullarının öyrənilməsinə, peşə vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Eyni zamanda, xidmət əməkdaşları hər il xarici dil kurslarına cəlb olunurlar.

FHN-in “112” Çevik Xidmət Mərkəzinə mediatur təşkil olunub