Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmədə 49 şahiddən 46-sı dindirilib

Hadisə
  • 08 oktyabr, 2018
  • 07:30
Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmədə 49 şahiddən 46-sı dindirilib
Müğənni Fədayə Laçın

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, siyahı üzrə 49 nəfər şahiddın 46-sı dindirilib.

Məhkəmədə dindirilməyən Kanvoy taborunun əsgəri olmuş Röyal Əhmədovun, Lənkərandan Bakıya etab olunan dustaq Cavid Nehmətovun və Şirvan şəhər sakini Anar Həsənovun istintaqa verdiyi ifadə elan edilib.

Anar Həsənov istintaqdakı ifadəsində "Qoca" ləqəbli Etibar Məmmədovu və "Kriti Elvin" ayamalı Elvin Nəciyevi (Şirvanda "Qoca" tərəfindən öldürülüb) tanıdığını bildirib: "Etibarın sayəsində Fadayə xanımı da tanımışan. Mobil nömrəsi məndə olub. Bir-iki dəfə telefonda danışmışıq. Lakin Elvin öldürüləndən sonra "Qoca" ilə münasibətim olmayıb. Fədayə xanımla da danışmamışam"

Prosesdə vəkillər müvəkkillərinin məhkəmə zalında əllərinə vurulan qandalın açılmasını tələb ediblər.

Hakim vəkillərin bu istəyini təmin edib və təqsirləndirilən şəxslərin qandalları açılıb.

Vəkillər istintaqda dindirilən, lakin şahidlər siyahısına daxil edilməyən şəxslərin də dindirilməsini istəyiblər.

Hakim bildirib ki, işə obyektiv baxılması üçün həmin şəxsləri dindirəcəklər.

Proses oktyabrın 10-da davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.