Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başlayıb
- 03 noyabr, 2025
- 21:15
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmədə çıxış üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib. Qeyd edək ki, ötən məhkəmə iclasında tərəflər məhkəmə istintaqının yekunlaşmasına etiraz etmədiklərini, təqdim və tədqiq edilən sübutlarla kifayətləndiklərini bildirmişdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar isə çıxış üçün noyabrın 3-dək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişdilər.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub.
Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: "Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb".
Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək. Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin iştirakını təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.
V.Əliyev bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin yalnız bir qismidir.
Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.
V.Əliyev, həmçinin ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.
Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.
Dövlət ittihamını müdafiə edən prokuror cinayətkar birliyin hüquqi anlayışını izah edib, daha sonra cinayətkar birliyin formalaşdırılmasını təsdiq edən sənədləri və sübutları elan edib.
Bildirilib ki, məhkəmə iclasında tədqiq edilmiş digər sənədlərlə də cinayətkar birliyin rəhbərlərinin əsas məqsədinin nəyin bahasına olursa-olsun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsinin ərazisinin Azərbaycanın tərkibindən ayrılmasına nail olmaq, həmin əraziləri işğal etmək olması təsdiq edilib.
İttiham tərəfi cinayətkar birliyin yaradılma əsaslarının ideoloji və tarixi ardıcıllığını da diqqətə çatdırıb.
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində çalışan şəxslər, cinayətkar ideyaların həmin dövrdə təbliğat və təşviqatçıları, habelə ideoloqları Balayan Zori Hayki, Kaputikyan Silva Barunakovna, Muradyan İqor Maratoviç, Manukyan Vazgen Mikaeli, Manuçarov Arkadi Manveli, Qukasyan Arkadi Arşaviroviç, Melik-Şahnazaryan Levon Qrantoviç, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Sefilyan Jirayr Simonoviç, Balasanyan Vitali Mikaeli, Karapetyan Arkadi Muradoviç, Petrosyan Qeorqi Mikaeli və qeyriləri, habelə öz qulluq mövqelərindən cinayətkar məqsədləri üçün istifadə etməkdən ötrü keçmiş SSRİ-nin rəhbərliyində müxtəlif vəzifələrdə təmsil olunan erməni və ya ermənipərəst şəxslər ciddi rol bölgüsünə əsaslanan sabit mütəşəkkil cinayətkar qruplar və onların sabit birliyini, yəni cinayətkar təşkilat yaratmaqla açıq şəkildə fəaliyyət göstərməyə başlayıb. Onlar Ermənistan cəmiyyətində Azərbaycan xalqına qarşı milli-etnik nifrət və düşmənçiliyə əsaslanan "Miatsum" ("Birləşmə") adlandırdıqları ideyalar ətrafında cinayətkar təşkilatda birləşiblər.
Daha sonra Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı, işğal dövründə törədilmiş soyqırımı və əhalinin məhv edilməsi, terror və digər cinayət faktlarını təsdiq edən sənədlər və sübutlar diqqətə çatdırılıb.
Vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı silahlı münaqişə beynəlxalq hüquq baxımından təcavüzkar müharibə kimi qiymətləndirilməlidir.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın suveren əraziləri uzun müddət işğal altında saxlanılıb. İşğalın planlı şəkildə həyata keçirilməsi və davam etdirilməsi Ermənistan dövlətinin rəsmi strukturları, silahlı qüvvələri və qeyri-rəsmi silahlı birləşmələrinin vahid strateji plan və rəhbərlik altında fəaliyyət apardığını göstərir. Bu, Ermənistan siyasi-ideoloji mühitində uzun illər formalaşdırılmış və "böyük Ermənistan" konsepsiyası ilə əsaslandırılan ekspansionist ideologiyanın bir təzahürü olub.
Bildirilib ki, təcavüzkar müharibə nəticəsində 1988-1994-cü illər ərzində Azərbaycan Respublikasının 12 şəhəri, 18 qəsəbəsi, 895 kəndi olmaqla cəmi 925 yaşayış məntəqəsi işğal edilib.
Prokuror Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalı, Xocalı rayonunun işğalı və Xocalı soyqırımı, helikopterlə silah daşınması, Meşəli qətliamı və digər hissələri də ittiham çıxışında diqqətə çatdırıb.
İttiham çıxışını Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov davam etdirib. O, ittiham çıxışının Şuşa şəhərinin işğalı və Malıbəyli-Quşçular kəndlərinin əhalisinin qismən məhv edilməsi, Kərki kəndinin (Naxçıvan Muxtar Respublikası) işğalı, Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı kəndlərinin işğalı, Bağanis-Ayrım kəndinin əhalisinin qismən məhv edilməsi, Xocavənd rayonunun işğal olunması və Qaradağlı kəndinin əhalisinin qismən məhv edilməsi, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması, Goranboy rayonunun Ballıqaya və Gülüstan kəndlərinin əhalisinin qismən məhv edilməsi ilə bağlı hissələrini elan edib.
Qeyd olunub ki, təcavüzkar plana uyğun olaraq 1992-ci il mayın 8-də Ter-Tadevosyan Arkadi İvanoviçin Ermənistandan aldığı tapşırıq və göstərişlərə söykənmiş rəhbərliyi ilə Şuşa şəhərinə şimal-qərb, şimal, şimal-şərq və şərq tərəfdən olmaqla 4 istiqamətdən ayparaşəkilli (nalvari) hücum olub, şəhər işğal edilib.
Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev Ermənistanın apardığı təcavüzkar müharibənin gedişində Kəlbəcər, Tərtər rayonunun bəzi kəndləri, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğal edilməsi, Ağdaban və Comərd kəndləri ərazisində, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun üzərində yerləşən strateji əhəmiyyətli "Tunel" adlandırılan mövqenin ələ keçirilməsi, həmin ərazidə əhalinin və Başlıbel kəndinin əhalisinin məhv edilməsi, eləcə də 2016-cı ilin Aprel döyüşləri ilə bağlı olan hissələri məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirib ki, təqsirləndirilən şəxslər müstəqil Azərbaycan dövlətinə qarşı Ermənistan tərəfindən aparılmış təcavüzkar müharibənin və işğal siyasətinin "qəhrəmanları" kimi təqdim edilsələr də, əslində, beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərdir.
Daha sonra prokuror təqsirləndirilən şəxslərin Azərbaycanın suveren ərazilərinin işğal edilməsində iştirakı ilə əlaqədar bəzi məqamları qeyd edib.
Dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədova isə ittiham çıxışının 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuza hücumu (Tovuz döyüşləri), habelə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarını (Gəncə, Mingəçevir, Bərdə, Tərtər və s.) atəşə tutması, nəticədə insanların qətlə yetirilməsi, yaşayış evlərinin, infrastrukturun məhv olması və s. ilə bağlı hissələrini diqqətə çatdırıb.
Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev ittiham çıxışının təcavüzkar müharibənin gedişində törədilmiş zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktları, ərazilərin minalanması, mina partlayışları yolu ilə təcavüzün davam etdirilməsi faktları, təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayət faktları, muzdlu döyüşçülərdən istifadə edilməsi faktları üzrə olan hissələrini elan edib.
Habelə, təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılma, Azərbaycan Respublikasının işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz idarəçilik rejiminin tətbiq edilməsi, Azərbaycan Respublikasının hərbi arsenalına ziyan vurulması və silah-sursatın, hərbi texnikanın və digər avadanlıqların işğal edilmiş ərazilərə daşınması və yerləşdirilməsi ilə bağlı cinayətlər, Azərbaycan Respublikası iqtisadiyyatına qəsdən ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktları üzrə olan hissələr də elan edilib.
İttiham tərəfinin çıxışları zamanı məhkəmə zalındakı monitorlarda müvafiq fotoşəkillər, xəritələr, rəqəmlər və s. nümayiş etdirilib.
Məhkəmə prosesi noyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.