Yaşar Bəşirov: "İdmançılarımız Gürcüstandakı yarışa ciddi hazırlaşıblar"
- 10 yanvar, 2026
- 15:27
Tbilisidə keçirilən "Karate 1 – Premier League" yarışına Azərbaycan yığması ciddi hazırlaşıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov jurnalistlərə müsahibəsində bildirib.
Y.Bəşirov qeyd edib ki, bu yarışda qazanılan reytinq xalları gələcəkdə yüksək səviyyəli yarışlarda iştirak hüququ qazanmaq üçün çox önəmlidir.
"İdmançılarımız bu yarışa ciddi hazırlaşıblar. Onlar yaxşı başa düşürlər ki, bu yarış A kateqoriyalı (A Seriya) turnirdir. Burada qazanılan reytinq xalları gələcəkdə yüksəksəviyyəli yarışlarda, o cümlədən 32-lik adlanan turnirdə iştirak hüququ qazanmaq üçün çox önəmlidir. Bundan sonra idmançılarımız, həmçinin dünya və Avropa çempionatlarında da inamla çıxış edə biləcəklər. Karate sahəsində güclü idmançılarımız yetişir. Onlar yaxın gələcəkdə ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını zirvələrə qaldıracaqlar", - deyə o əlavə edib.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) rəsmi təqviminə daxil olan və reytinq xalları verən bu nüfuzlu yarışda 60-dan çox ölkənin idmançıları iştirak edir. Azərbaycan 20 karateçi və iki məşqçi ilə təmsil olunur.