Ərinin ölümündə təqsirləndirilən qadının işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb
- 26 fevral, 2019
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 fevral. REPORT.AZ/ Ali Məhkəmədə ərinin ölümünə görə təqsirləndirilən Günər Mirzəyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorluğun şikayəti qismən təmin edilib, qərar tamamilə ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qanitirmədən dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Daha sonra prokurorluq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.