Dələduzluqla 450 min manat pul əldə edən qadının apellyasiya şikayəti təmin edilməyib
- 04 noyabr, 2016
- 03:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, A.Babaşovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.
A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.