“Dağlar” MTK-nın həbsdə olan sədri məhkəmədə şahid qismində ifadə verib
- 08 dekabr, 2016
- 07:43
Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Dağlar” MTK-nın sədri, hazırda həbsdə olan Şahin Əliyev ifadə verib.
O bildirib ki, zərərçəkmiş Sevil Musayeva onun şirkətindən 58 min manat dəyərində ev alıb: "Düzdür, Sevil xanım Gülxar Həşimovanın vasitəsi ilə ev almışdı. Lakin sonradan müqaviləni ləğv etdik, pulu isə Gülxara qaytardım. Gülxarın isə ona həmin pulu geri qaytarmasından xəbərsizəm".
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.
Qeyd edək ki, G.Həşimova zərərçəkmiş Sevil Musayevanın 58 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
G.Həşimovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir.
Xatırladaq ki, “Dağlar” MTK-nın sədri Ş.Əliyev dələduzluqda təqsirli bilinərək həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.