Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Hadisə
  • 13 noyabr, 2026
  • 17:52
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan ekstradisiya olunub.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sözügedən şəxsin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Telman Allahverdiyevin xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

Telman Allahverdiyev Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.