Baş neonatoloq: "Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur"
- 17 noyabr, 2017
- 09:01
Bakı. 17 noyabr. REPORT.AZ/ "Hər il Azərbaycanda, təqribən, 150 min körpə doğulur. Onun 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur".
"Report"un məlumatına görə , bunu Səhiyyə Nazirliyinin baş neanotoloqu, Neanotoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan uşaqların 50 faizindən çoxu yaşayır: "Azərbaycanda uşaqların vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur. Belə uşaqların sağ qalma faizi ildən-ilə yüksəlir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85 fazidir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi, bu rəqəmə çatdırmaq istəyirik. Biz bu hədəfə nail ola bilərik".
R.Hüseynov əlavə edib ki, Vaxtından əvvəl Doğulan Uşaqların Beynəlxalq Günü 2009-cu ildə ilk dəfə Vyana şəhərində qeyd olunub. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu uşaqlara cəlb etməkdir.
R.Hüseynovun sözlərinə görə, uşaqların vaxtından əvvəl doğulması bütün dünyada rast gəlinən problemdir: "Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri ilk gündə ölür".