Bakıda "MilliÖn"ü yararaq pul oğurlayan şəxslər məhkəmə zalında həbs edilib
- 12 aprel, 2018
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cavid İsayev, Xəzər Hüseynov və Şahin Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.İsayev 3 il, X.Hüseynov 2 il 6 ay və Ş.Əlizadə isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə X.Hüseynovla Ş.Əlizadənin barəsində həbs qətimkan tədbiri seçilməyib. Hər iki şəxs məhkəmə zalında həbs edilib.
İttiham aktına əsasən, C.İsayev, X.Hüseyov və Ş.Əlizadə Bakının Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində olan "MilliÖn" ödəmə terminalını yarıb və içərisindən 200 manatdan artıq pulu oğurlayıblar. Həmçinin onlar marketin təhlükəsizlik kamerasının yaddaş kartını da özləri ilə aparmaq istəyiblər, lakin yolda salıblar.
Daha sonra həmin şəxslər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu şəxslərdən yalnız C.İsayevin barəsində həbs qətimkan tədbiri seçilib.