Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3

Hadisə
  • 06 fevral, 2026
  • 11:07
Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

Şahidlərin "Report"a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Bildirilib ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.

"Report"un əldə etdiyi məlumata əsasən, güllə atan şagirdin atası Şirinov Samir əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda liseydə şagird müəllimini güllələyib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.

Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, xəbəri ilk olaraq "unikal.az" saytı yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti