Bakıda 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın özünü qismən təqsirli bilib
- 17 noyabr, 2017
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanıldığı elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib. İclasda 10 zərərçəkmiş ifadə verib. Onlar V.Osmanlıdan şikayətçi olduqlarını və dəymiş zərərin ödənilməsini tələb ediblər.
Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.
V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib.
V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.