Azərbaycan gömrükçüləri külli miqdarda siqaret aşkar edib

Hadisə
  • 18 sentyabr, 2017
  • 07:26
Azərbaycan gömrükçüləri külli miqdarda siqaret aşkar edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə 90 TB 042 nömrə nişanlı, "Toyota Land Cruiser Prado" markalı minik avtomobilində milli aksiz markası ilə markalanmamış tütün məmulatlarının olması barədə əməliyyat məlumatı daxil olub.

“Report” DGK-ya istinadən xəbər verir ki, məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 211 ünvanında, yolun sol kənarında dayanmış Azərbaycan vətəndaşı Kazımov Əlizamin Qiyas oğlunun idarə etdiyi ağ rəngli maşının yük yerinə həmin avtomovilin yanında dayanmış və Miriyev Mirkamalladdin Mirnağı oğlunun idarə etdiyi, 42 BV 103 nömrə nişanlı "Ford Dedl" markalı mikroavtobusun yük yerindən Kazımov Əlizamin Qiyas oğlu tərəfindən götürülərək yerləşdirilən iki ədəd iri həcmli karton qutulara baxış keçirilib.

Yoxlama zamanı qutulardan milli aksiz markası ilə markalanmamış 10 800 ədəd "Senator Wine Grape", 5 000 ədəd "Senator Original Pipe Tobacco", 15 600 ədəd "Esse Light", 2 000 ədəd "Senator Grand Vircinia", 400 ədəd "Maddox sweet blend", 200 ədəd "Milano Nano Edition", 200 ədəd "Modern Cigarettes", 200 ədəd "Kareena Menthol" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.