Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Hadisə
  • 05 noyabr, 2018
  • 07:57
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı. 5 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomlobillərdən akkumulyator və 210 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomobildən pul, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.