"Avropa" hotelində qətl törətməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Hadisə
  • 22 noyabr, 2018
  • 06:15
Avropa hotelində qətl törətməkdə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun barələrində olan məhkəmə qərarından kassasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən S.Quliyev və onun dostu M.Səfərov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.