Akademik Cəmil Əliyevə BMT-nin “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib

Hadisə
  • 02 fevral, 2019
  • 07:49
Akademik Cəmil Əliyevə BMT-nin “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, mükafat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə fevralın 2-də Bakıda keçirilən Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunda təqdim olunub.

Fəxri mükafatı akademik Cəmil Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib. O, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.