"Zirə"nin baş məşqçisi: Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram
- 17 iyul, 2024
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçiriləcək oyun öncəsi "Dalğa Arena"da gerçəkləşən mətbuat konfransında deyib.
O, bütün variantlara hazır olduqlarını söyləyib:
"Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Amma hər gedişata hazır olmaq lazımdır. Nəzərə alaq ki, bir həftədən sonra oyunumuz var. İstərdim ki, hesab bizim xeyrimizə olsun".
42 yaşlı mütəxəssis yetirmələrinin oyunun məsuliyyətini dərk etdiklərini vurğulayıb:
"Futbolçular sabahkı oyunun məsuliyyətini dərk edirlər. Doğma azarkeşlər qarşısında oynayacaqlar. Şükürlər olsun ki, mental hazırlıqla bağlı hər şey qaydadındadır".
R.Sadıqov komandanın lazımi dəstəyə malik olduğunu bildirib:
"Azarkeşimizin az olduğunu deməzdim. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Hamısı yanımızda olublar. Bilirəm ki, sabahkı oyunda da dəstəkləyəcəklər. Kimin imkanı varsa, stadiona gəlsin. Alınmırsa, televizor vasitəsilə baxsın".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.