"Zirə"nin yeni transferi: "Bizim üçün hər qarşılaşma finala bərabər olacaq" - MÜSAHİBƏ

Futbol
  • 02 fevral, 2019
  • 18:33
Zirənin yeni transferi: Bizim üçün hər qarşılaşma finala bərabər olacaq - MÜSAHİBƏ
Foto: "Report"

Bakı. 2 fevral. REPORT.AZ/ "Zirə”nin yeni transferi Xulio Rodriqes Premyer Liqanın XV turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, paraqvaylı hücumçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

- “Zirə”də debütünüz uğursuz alındı. Səbəb nə idi?

- Mənim tərəfimdən elə də yaxşı olmadı. Daha yaxşısını gözləyirdim, ancaq belə oldu. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq. Hücumda problemlərimiz vardı. İşləmək lazımdır.

- Autsayder komandaya keçəndə nə fikirləşdiniz?

- Hər şey elə də pis deyil. Komandanın gələcəyi pis görünmür. Bizim üçün hər qarşılaşma finala bərabər olacaq. “Zirə”nin ən yaxşı oyunları irəlidədir.

- Bu gün rəqibin heyətində həmyerliniz Erik Ramos sizə qarşı oynadı...

- Bir-birimizi elə də yaxşı tanımırdıq. Çünki daha çox Argentinada çıxış etmişəm. Burada tanış olduq.

- Tam gücünüzlə oynamaq üçün sizə nə qədər vaxt lazımdır?

- Üzərimdə işləməyə davam edirəm. İnanıram ki, özünəinamı geri qaytaracağam və getdikcə daha yaxşı oynayacağam.

- İlk dəfədir Avropada oynayırsınız...

- Bəli. Daha əvvəl belə bir imkanım olmayıb. Dostum, Fransisko Qarsiya ("Neftçi"nin paraqvaylı sabiq yarımmüdafiəçisi - red.) Azərbaycan haqda mənə məlumat verdi və bura gəlməyi məsləhət gördü.

- “Zirə” autsayder olsa da, ölkə kubokunda yarımfinala yüksəlib.

- Yaxşı ki, komandamız yarımfinaldadır. Amma çempionat da bizim üçün vacibdir. Düşünürəm ki, yuxarı pillələrə qalxa bilərik.