"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Çempionlar Liqasında iştirak bizim üçün təcrübə oldu"
- 28 noyabr, 2026
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi voleybolçulardan ibarət "Xilasedici" klubu üçün CEV Çempionlar Liqasında iştirak ilk təcrübə olub.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis Sloveniyada "ACH Volley Lyublyana" kollektivi ilə (1:3) keçirdikləri cavab matçını dəyərləndirib:
"Rəqib çox güclü komandadır. Səfərdə oynayırdıq və üstünlük meydan sahiblərində idi. Onların oyunçularının səviyyəsi bəlli idi. Buna baxmayaraq, voleybolçular yaxşı oyun göstərdilər, sonadək mübarizə apardılar, döyüşdülər. Komandama, oyunçularıma təşəkkür edirəm. Çempionlar Liqasında iştirak bizim üçün ilk təcrübə oldu. Gənc və yeni kollektivik. Yəqin ki, qarşıdakı mövsümlərdə bu səhvlərimizi təkrarlamarıq. Başda fövqəladə hallar naziri Kəmaləddin Heydərov olmaqla qurumun bütün əməkdaşlarına çox sağ ol deyirik, bizə maksimum dərəcədə dəstək oldular".
C.Cəlilov avrokuboklardakı çıxışlarını davam etdirəcəkləri CEV Çelenc Kuboku ilə bağlı fikirlərini bölüşüb:
"Bu mövsüm bizim üçün Çempionlar Liqası səhifəsi bitdi. Mübarizəni CEV Çelenc Kubokunda davam etdirəcəyik, önümüzdə yeni səhifə açılır. Orada da uğurlu nəticə qazanmaq istəyirik. İlk oyundan sonra Lyublyana təmsilçisinin gücünü gördük. Artıq Serbiya klubu ilə də maraqlanmışıq. Zəif rəqib deyil, amma əlimizdən gələni etməyə çalışacağıq. 1/16 final mərhələsində ilk görüş dekabrda, cavab matçı isə yanvarın 6-da və ya 7-də Serbiyada keçiriləcək".
Qeyd edək ki, noyabrın 26-da Lyublyanada baş tutan cavab qarşılaşmasında məğlub olan "Xilasedici" iki oyunun nəticəsinə əsasən CEV Çempionlar Liqasında mübarizəni dayandırıb. Bundan sonra CEV Çelenc Kubokunda yoluna davam edəcək komanda 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.