Xavyer Aqirre: "İngiltərəyə məğlubiyyətə görə komandamı günahlandıra bilmərəm"

Futbol
  • 06 iyul, 2026
  • 07:34
Xavyer Aqirre: İngiltərəyə məğlubiyyətə görə komandamı günahlandıra bilmərəm

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre İngiltərə seçməsinə məğlubiyyətə görə komandasını günahlandırmayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Amerika təmsilçisinin baş məşqçisinin özü İngiltərəyə qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Komandamı heç nədə günahlandıra bilmərəm. Əlimizdən gələni etdik, amma rəqib çox güclü komandadır. Bu, ən yüksək səviyyədir və burada buraxılan hər səhv çox baha başa gəlir. Say üstünlüyündən yararlanmaq üçün əvəzetmələrdə risk etdik, lakin bundan faydalana bilmədik. Bizə göstərilən dəstəyə görə hər kəsə yalnız təşəkkür edə bilərəm".

Qeyd edək ki, İngiltərə Meksika millisinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.