Vəkil futboluna həsr olunmuş tədbir keçirilib
- 02 iyun, 2022
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Vəkil futboluna həsr olunmuş tədbir keçirilib.
"Report"un məlumatına görə, mərasimdə çıxış edən "Advokat" komandasının rəhbəri Elçin Usub keçdikləri yola nəzər salıb.
O, 2017-ci ildə yaradılan kollektivin ilk olaraq, Ukraynanın Lvov şəhərində keçirilmiş beynəlxalq turnirə qatıldığını söyləyib. Usub komandanın 2021/2022 mövsümündə futzal üzrə Azərbaycan çempionatının II liqasının qalibi olduğunu xatırladıb.
"Advokat" Azərbaycan Kubokunda ən böyük uğuruna isə 2019-cu ildə imza atıb. Finaladək irəliləyən kollektiv həlledici görüşdə peşəkar futzalçılardan ibarət "Ekol"a uduzub.
Vəkil futbolçulardan ibarət Azərbaycan yığması isə beynəlxalq turnirlərdə çıxış edib. Bu komanda vəkillər arasında dünya çempionatında ilk dəfə Azərbaycanı təmsil edib. 40-dan çox ölkənin qatıldığı sayca 20-ci mundialda bu kollektiv 3-cü yeri tutub. Turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardiri nominasiyalarında da yığma üzvləri fərqləniblər. Azərbaycan millisi dünya çempionatında ən çox qol vuran komanda olmaqla yanaşı, turnirin qalibi İtaliya "Palermo"suna uduzmayan yeganə komanda olub.
O, qeyd edib ki, 2023-cü ildə vəkil və hüquqşünaslar arasında beynəlxalq yarışın Azərbaycanda keçirilməsinin mümkünlüyünü də dilə gətirib. Usub bundan ötrü müvafiq qurumların dəstəyinə də ehtiyac duyduqlarını vurğulayıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə əldə olunmuş nailiyyətlərdə Usubun xidmətlərini qeyd edib. O, indiyədək belə bir insanın bacarığının qiymətləndirilməməsindən təəssüfləndiyini vurğulayıb.
Bağırov vəkil idmanının futbolla yanaşı, digər növlərdən, o cümlədən şahmatdan və qadın voleybolundan da ibarət olduğunu, belə turnirlərlə Azərbaycanın Cənubi Qafqazda bütün sahələrdə söz sahibi kimi göstərdiklərini diqqətə çatdırıb.
Sədr digər hüquq-mühafizə orqanlarının da komandalarının olmasını arzuladıqlarını əlavə edib. O, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Ardından "Advokat" komandası futzal üzrə Azərbaycan çempionatının II Liqasının qalibi, Vəkillər Kollegiyasının yığması isə qeyri-rəsmi dünya çempionatının bürünc mükafatçısı olması münasibətilə, eləcə də Vəkil klubu tərəfindən Vətən müharibəsinə həsr olunmuş "Qarabağ Azərbaycandır" II vəkil bədii yaradıcılıq müsabiqəsinin qalibləri təltif olunub.