UEFA prezidenti Çempionlar Liqasının finalının Nyu-Yorkda keçiriləcəyi ilə bağlı iddiaya münasibət bildirib

Futbol
  • 13 sentyabr, 2018
  • 07:10
UEFA prezidenti Çempionlar Liqasının finalının Nyu-Yorkda keçiriləcəyi ilə bağlı iddiaya münasibət bildirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ “UEFA Çempionlar Liqasının (ÇL) finalının Avropadan kənarda keçirilməsi məsələsi hazırda müzakirə edilmir”

“Report” xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin qitənin ən nüfuzlu klub turnirinin final görüşünün ABŞ-ın Nyu-York şəhərində keçiriləcəyi ilə bağlı iddialara cavab verərkən deyib. O, qurumun hazırda belə bir niyyəti olmadığını söyləyib: “Turnirin finalını Avropa ölkələrində keçiririk. 2021-ci il finalı üçün ölkə və stadion müəyyənləşdirməmişik. Ancaq hazırda ÇL finalının Avropadan kənarda keçirilməsini müzakirə etmirik”.

Qeyd edək ki, ÇL-in finalı 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano”, 2020-ci ildə isə Türkiyənin İstanbul şəhərindəki “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək. 2019-cu il Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda oynanılacaq.