UEFA Prestianninin diskvalifikasiyasını qüvvədə saxlayıb
- 25 fevral, 2026
- 19:36
UEFA Portuqaliyanın "Benfika" klubunun argentinalı futbolçusu Canluka Prestianninin diskvalifikasiya ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi futbolçunu ayrı-seçkilik xarakterli davranışa görə intizam qaydalarını pozmaqda təqsirli bilərək, onu Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" ilə keçiriləcək cavab oyunundan kənarlaşdırıb.
İnsident Lissabonda keçirilən ilk oyun zamanı baş verib. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu vurduqdan sonra "Real"ın hücumçusu Vinicius Junior tribunalar istiqamətində qaçaraq jestlər edib. Daha sonra futbolçu hakimə ünvanladığı müraciətdə irqçi təhqirə məruz qaldığını bildirib.
İspaniya mediasının məlumatına əsasən, xoşagəlməz ifadələrin "Benfika"nın futbolçusu tərəfindən səsləndirildiyi ehtimal olunur. Hadisə ilə əlaqədar oyun təxminən 10 dəqiqə dayandırılıb.
Görüşün sonunda isə Portuqaliya klubunun azarkeşləri tərəfindən meydançaya müxtəlif əşyalar, o cümlədən şüşə və elektron siqaretlər atılıb.
"Real " və "Benfika" arasında cavab qarşılaşması bu gecə Madriddə keçiriləcək.