UEFA "Clear Line" platformasını istifadəyə verib
- 11 avqust, 2026
- 11:45
UEFA qaydaların tətbiqini və VAR sisteminin istifadəsini vahid formaya salmaq üçün yeni "Clear Line" platformasını istifadəyə verib.
"Report" quruma istinadən xəbər verir ki, platformada hakimlərin mübahisəli qərarları ilə bağlı 150-dən çox epizodun videosu və izahı yer alıb.
Burada qaydaların necə şərh edilməli olduğu və VAR-ın hansı hallarda baş hakimin qərarlarına müdaxilə etməli olduğu araşdırılır. Platforma yeni epizodlar ortaya çıxdıqda və ya əlavə aydınlaşdırmaya ehtiyac yarandıqda müntəzəm şəkildə yenilənəcək.
UEFA-nın VAR-a yanaşması FIFA-nın DÇ-2026-da tətbiq etdiyi qaydalardan fərqlənir. Avropa futbol qurumu videoköməkçinin hər bir mübahisəli məqamı xırdalıqlarına qədər araşdırmasının deyil, yalnız hakimin aşkar və aydın səhvi zamanı prosesə qoşulmasının tərəfdarıdır.
UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti açıqlamasında VAR-ın matçı idarə etmədiyini, yalnız aşkar vəziyyətlər və aydın səhvlər üçün lazım olduğunu söyləyib.
UEFA-nın VAR-ın ilkin ideyasına qayıtmaq və sistemin xırda qayda pozuntularını axtarmaq üçün istifadə olunması təcrübəsindən imtina etmək niyyətində olduğu da bildirilib.