Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
  • 28 oktyabr, 2022
  • 14:13
Samir Abasov: Oyun yoxdursa, nə danışasan?

"Oyun yoxdursa, nə danışasan? I divizion səviyyəsində matç keçdi. Temp yox, qərarlar sıfırın altında idi. Bunları öz komandama aid edirəm".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII turunun açılış oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının çıxışından narazı qaldığını bildirib: "Danışmağa söz tapmıram. Futbolçulara paltardəyişmə otağında demişdim ki, bu oyunun taleyini diqqətsizlik həll edə bilər. Yeganə qolu ya biz vuracaqdıq, ya da rəqib. Vəziyyətimiz kritikdir. Özümə deyirəm ki, səbirli olmalıyıq. İndiki halda əldən nəsə gəlmir. Bir variant düşdü, Riçard Qadzeni heyətə cəlb etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunu futbolçu formaya düşsün deyə qurban veririk".

O, hazırkı duruma sakit reaksiya verdiyini söyləyib: "Çünki gələndə vəziyyətin necə olduğunu bilirdim. Klub rəhbərliyi ilə gəlişimi müzakirə edəndə özüm üçün siyahı tərtib etmişdim. Orada gələcək planlar yer almışdı. Qış fasiləsinə qədər qazanacağımız futbolçular, komandanın oyun planı, görəcəyimiz işlər və s. Səbr etməyib, qışqırmaqla nə düzələcək ki? Dözmək lazımdır".

Abasovun sözlərinə görə, bəzi futbolçularla söhbəti olacaq: "Çünki 1-2 nəfərin yanaşması xoşuma gəlmir. Bu məsələdə səbr etməyə ehtiyac yoxdur. Lakin bu, oyunumuza təsir etməyəcək. İndiki məqamda işimiz komandanı növbəti oyuna hazırlamaqdır".