Araxamiya: İlin sonuna kimi Rusiya ilə münaqişənin həll yolunu tapmaq üçün yaxşı impuls var

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 17:05
Araxamiya: İlin sonuna kimi Rusiya ilə münaqişənin həll yolunu tapmaq üçün yaxşı impuls var

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində noyabrın 10-11-də Ukrayna, Rusiya və ABŞ arasında keçirilən danışıqların növbəti mərhələsi ən çətin görüşlərdən biri olub. Rusiya nümayəndələri danışıqlara çox sərt təlimatlarla gəliblər.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radadakı "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya Əbu-Dabidə keçirilən brifinqdə bildirib.

"Düşünürəm ki, ruslar çox-çox sərt göstərişlərlə gəlmişdilər və diskussiyanı yumşaltmaq çətin idi, lakin ABŞ nümayəndələrinin onu hər iki ölkə üçün müharibədən sonrakı vəziyyət prizmasından necə strukturlaşdırması, məncə, dialoqa yol açdı və biz daha məhsuldar işləməyə başladıq", - o bildirib.

Araxamiyanın sözlərinə görə, danışıqlarda tərəflər həqiqətən də əhəmiyyətli irəliləyiş əldə ediblər.

O qeyd edib ki, indi danışıqların növbəti raundunun tarixini müəyyən etmək və elan etmək vacibdir, çünki yeni ilin gəlişinə qədər həll yolu tapmaq üçün yaxşı impulsumuz var.

Araxamiya, xüsusi olaraq vurğulayıb ki, gələcəkdə Avropa nümayəndələrinin də danışıqlara qoşulmalı olduğuna dair anlayış mövcuddur.

"Hesab edirəm ki, biz üçtərəfli deyil, çoxtərəfli danışıqların olacağı yekun məqsədə doğru irəliləyirik, çünki avropalılar danışıqlar masası arxasına əyləşməlidirlər, axı biz Avropada müharibədən sonrakı təhlükəsizlikdən danışırıq. Ukrayna Avropanın bir hissəsidir və Avropa ölkələri bizimlə birlikdə danışıqlar masası arxasına əyləşib Avropada təhlükəsizliyin necə görünəcəyini müzakirə etməlidirlər", - o deyib.