Sadio Mane Kloppa görə "Liverpul"u tərk edə bilər
- 22 aprel, 2020
- 08:57
İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane yay "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.
"Report"un "France Football"a istinadən məlumatına görə, seneqallı hücumçunun mersisaydlılarla yollarını ayırmaq istəyi komandanın baş məşqçisi Yurgen Kloppla bağlıdır. Almaniyalı mütəxəssisin 2019-cu ildə "Qızıl top" mükafatının səsvernəsində Maneni deyil, "Liverpul"un digər müdafiəçisi Vircil van Deyki seçməsi 28 yaşlı afrikalının xoşuna gəlməyib. Həmin vaxt təcrübəli forvard 4-cü yerə çıxmışdı.
Manenin yayda İspaniyanın "Real Madrid" klubuna keçəcəyi gözlənilir. Daha əvvəl "kral klubu"nun sözügedən oyunçu üçün 150 milyon funt-sterlinq təzminat ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki,bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxan Sadio Mane 14 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi 8 qarşılaşmada isə 2 dəfə fərqlənib, eyni sayda qol pası verib. Seneqallı hücumçunun Mersisayd təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.