"Sabah"ın baş məşqçisi: "Partizan" böyük təcrübəyə malikdir"
- 18 avqust, 2023
- 04:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rəqib böyük təcrübəyə malik komandadır".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Serbiyada "Partizan"a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib: "Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlara çıxmaq üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi".
Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: "Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. "Partizan"ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram".