Levandovski Messi və Ronalduya çatıb, "Bavariya" rekordunu yeniləyib

Futbol
  • 09 mart, 2022
  • 05:11
Levandovski Messi və Ronalduya çatıb, Bavariya rekordunu yeniləyib
Robert Levandovski

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

"Report" xəbər verir ki, 33 yaşlı hücumçu buna Avstriya "Zaltsburq"unu 7:1 hesabı ilə yendikləri 1/8 final mərhələsinin cavab oyununda het-trik etməklə nail olub.

Polşalı forvard eyni mövsümdə iki və daha artıq het-trik edən 5 oyunçudan biri olub. Daha əvvəl bunu Kriştianu Ronaldu (2015/2016, 2016/2017) Lionel Messi (2011/2012, 2016/2017), Luis Adriano (2014/2015) və Mario Qomes (2011/2012) bacarıb.

Rekord isə Ronalduya məxsusdur. Hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu 2015/2016 mövsümündə İspaniya "Real Madrid"ində bir mövsümdə 3 het-trik edib.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Münhen təmsilçisi Çempionlar Liqasında 1/4 finala yüksəlməklə öz rekordunu da yeniləyib. "Bavariya" tarixində 20 dəfə buna müvəffəq olub. Belə bir göstəriciyə ən yaxın klub İspaniya "Barselona"sıdır - 18 dəfə.