"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında III dövrənin ən yaxşı komandası sayılıb
- 18 mart, 2019
- 08:03
“Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqada XXI turun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran Azərbaycan millisinin oyunçusu “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında “40”a çatıb.
2012/2013 mövsümündən Ağdam klubunda çıxış edən Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/2014 mövsümündə 6, 2014/2015 mövsümündə 3, 2015/2016 mövsümündə 9, 2016/2017 və 2018/2019 mövsümlərində 2, 2017/2018 mövsümündə 5 qol vurub. Braziliya əsilli oyunçu ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.
Digər tərəfdən, "Qarabağ" Azərbaycan Premyer Liqasında III dövrənin ən çox xal toplayan komandası olub. Mövsümün ikinci yarısında 7 turun 28 qarşılaşmasında qapılara 52 top vurulub. 2019-cu ilin arxada qalan hissəsinin ən yaxşısı “Qarabağ” olub. 7 qarşılaşmada uduzmayan Ağdam klubu hesabına 15 xal yazıb. “Neftçi”, “Qəbələ” və “Zirə” 12 xal toplayıblar. Dövrə ərzində qələbə qazanmayan yeganə komanda cəmi 2 xal yığan “Sumqayıt” olub.
| 1 | Qarabağ | 7 | 4 | 3 | 0 | 9-4 | 15 |
| 2 | Neftçi | 7 | 3 | 3 | 1 | 10-5 | 12 |
| 3 | Zirə | 7 | 3 | 3 | 1 | 6-3 | 12 |
| 4 | Qəbələ | 7 | 3 | 3 | 1 | 7-5 | 12 |
| 5 | Səbail | 7 | 3 | 1 | 3 | 8-7 | 10 |
| 6 | Keşlə | 7 | 2 | 1 | 4 | 5-9 | 7 |
| 7 | Sabah | 7 | 1 | 2 | 4 | 4-10 | 5 |
| 8 | Sumqayıt | 7 | 0 | 2 | 5 | 3-9 | 2 |