Region Liqasının oyunu təcili tibbi yardım maşınına görə baş tutmayıb
- 25 noyabr, 2019
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Region Liqasının V turu çərçivəsində “İmişli” və Beyləqanın “Mil” komandaları arasında keçirilməli olan oyun baş tutmayıb.
Bu barədə “Report”a yarışın İşçi Qrupunun üzvü Yusif Vəliyev məlumat verib.
Onun sözlərinə görə, noyabrın 24-də Heydər Əliyev adına İmişli şəhər stadionunda oynanmalı olan qarşılaşma təcili tibbi yardım maşının gec gəlməsi səbəbindən gerçəkləşməyib: “Təşkilatçılıq məsələsinə meydan sahibi komanda məsuliyyət daşıyır. Əsasnaməyə görə, təcili tibbi yardım maşını oyuna 15 dəqiqə qalmış stadionun ərazisində olmalıdır. Əks halda, baş hakim qarşılaşmanı başlaya bilməz. Proqrama əsasən, “İmişli” - “Mil” görüşü saat 15:00-da start götürməli idi. Ancaq təcili tibbi yardım maşını arenaya 15:40-da gəlib. Maşın stadiona çatana qədər artıq oyunun keçirilməyəcəyi ilə bağı qərar verilib”.
Vəliyev bildirib ki, fors-major hallarda 15 dəqiqə gözləmək olar: “Ancaq İmişlidə keçirilməli olan görüşdə meydan sahibləri təşkilatçılıqla bağlı başqa gecikmələrə də yol veriblər. Oyunun keçirilməməsi ilə bağlı qərar isə təcili tibbi yardım maşınına görə olub”.
Qeyd edək ki, “İmişli” - “Mil” oyununun keçirilməməsi məsələsinə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Qaydalara görə, meydan sahiblərini 0:3 hesablı texniki məğlubiyyət gözləyir.