Qleyson Bremer "Mançester Yunayted" və "Liverpul"un transfer hədəfinə çevrilib
- 21 may, 2026
- 10:31
"Yuventus"un (İtaliya) müdafiəçisi Qleyson Bremer İngiltərənin "Mançester Yunayted" və "Liverpul" klublarının maraq dairəsinə düşüb.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 29 yaşlı braziliyalı futbolçu başqa komandaya keçməyi düşünür.
İtaliya təmsilçisi də oyunçunun transferi üçün tələb etdiyi 70 milyon avro məbləği aşağı salıb. Q.Bremer 2022-ci ilin iyulundan "Yuventus"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Tərəflər arasında sözləşmə 2024-cü ilin avqustunda yenilənib. Braziliyalı müdafiəçi 2025/2026 mövsümündə komandanın heyətində 31 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.