"Qəbələ"nin baş məşqçisi: "Səfərdə bizə yalnız qələbə lazımdır"
- 03 oktyabr, 2018
- 16:37
Qəbələ. 3 oktyabr. REPORT.AZ/ “Çətin oyun olacağını bilirdik. Rəqibi yaxşı təhlil etmişdik, əks-hücumda oynayacaqlarını müəyyənləşdirmişdik".
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsində evdə “Şerif”lə 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb...
- İkinci hissədəki oyunu ilk yarıda oynamaq yaxşı olmazdımı?
- İlk hissədə pis oynadığımızı düşünmürəm. Etdiyimiz səhvə görə qapımızda qol gördük. Bu mərhələ iki oyundan ibarətdir. Növbəti oyunda sərfəli nəticə qazanmağa çalışacağıq.
- İlk hissədə cinahlardan hücumlar edirdiniz, ikinci yarıda isə mərkəzdən daha çox hücum qurdunuz. Bunun səbəbi nə idi?
- Rəqibin oyunlarına baxmışdıq. Mərkəzdə hücum qurmaq alınmadı, oyunu cinahlarda qurduq. Daha çox boş sahələrdə oynamağa çalışırdıq. Rəqibin ucaboylu müdafiəçiləri ölkə çempionatındakı oyunlarında səhvlərlə yadda qalıblar. Ona görə də oyunu cinahlardan qurmağa çalışırdıq.
- Artıq rəqibi yaxından tanıdınız. “Qəbələ” “Şerif” səddini keçə bilər?
- Rəqibi yaxından tanıdıq. Səfərdə bizə yalnız qələbə lazımdır. Komandamdan razıyam. Həm ilk, həm də ikinci hissədə yaxşı futbol sərgilədik. Səfərdə qələbə üçün hər şeyi edəcəyik.
Manaf Qasımbəyli