"Qarabağ"ın futbolçusu: "Finalda səhvlərimizin ucbatından məğlub olduq"
- 01 iyun, 2025
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" komandası Azərbaycan Kubokunu finalında "Sabah"a öz səhvləri ucbatından məğlub olub.
Bunu "Report"a Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
O, qarşılaşmanın sonlarında daha məsuliyyətli oynayacaqları təqdirdə, nəticənin fərqli ola biləcəyini söyləyib:
"Azarkeşlər maraqlı matça şahidlik etdilər. Təəssüflər olsun ki, "qızıl dubl" etməyə bu qədər yaxın olarkən, şansımızı qaçırdıq. Belə üzücü məğlubiyyətdən dərs çıxarmaq lazımdır".
Müdafiəçi qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun müəyyən epizodlarda rəqib komandaya simpatiya bəslədiyini vurğulayıb:
"Açığı, epizodların təkrarına baxmamışam. Lakin müəyyən vəziyyətlərdə referinin rəqibə simpatiyasının olduğu sezilirdi. Bununla belə, "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirik. Lakin düşünürəm ki, daha yaxşı hakim idarəçiliyi ola bilərdi".
Qeyd edək ki, "Sabah" rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.