Özbəkistan U-20 dünya çempionatı ərəfəsində Azərbaycanın futbol infrastrukturunu öyrənir

Futbol
  • 12 noyabr, 2026
  • 11:30
Özbəkistan U-20 dünya çempionatı ərəfəsində Azərbaycanın futbol infrastrukturunu öyrənir

Özbəkistan nümayəndə heyəti Azərbaycanla birgə FIFA U-20 dünya çempionatına hazırlıq çərçivəsində ölkənin futbol infrastrukturunu öyrənir.

"Report" Özbəkistanın Fərqanə vilayətinin hakimiyyətinə istinadən xəbər verir ki, FIFA, Özbəkistan Futbol Assosiasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri Bakıda turnirə hazırlığa həsr olunmuş işgüzar görüş keçiriblər.

İştirakçılar idman və təşkilati infrastrukturun inkişafını, həmçinin çempionatın komandaları və qonaqları üçün zəruri şəraitin yaradılmasını müzakirə ediblər.

Tərəflər əməkdaşlığı gücləndirməyə və turnirin yüksək səviyyədə keçirilməsi üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Çempionatın qrup oyunlarının Özbəkistanın Fərqanə vilayətində də keçirilməsi planlaşdırılır.

Özbəkistan nümayəndə heyətinin üzvləri AFFA nümayəndələrinin müşayiəti ilə Bakının "Neftçi" futbol klubunun bazası və akademiyasının fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı tərəflər futbol infrastrukturunun inkişafı, akademiyaların işinin təşkili və gənc oyunçuların hazırlığı sahəsində təcrübə və bilik mübadiləsi aparıblar.

Noyabrın 13-də nümayəndə heyəti "Sabah" futbol akademiyasını, həmçinin Bakı Olimpiya Stadionunu ziyarət edəcək.