Nərgiz Qurbanova: "Qolların böyük əksəriyyətini standart vəziyyətlərdən buraxdıq"

Futbol
  • 31 oktyabr, 2025
  • 14:21
Nərgiz Qurbanova: Qolların böyük əksəriyyətini standart vəziyyətlərdən buraxdıq

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində qolların böyük əksəriyyətini standart vəziyyətlərdən buraxıb.

Bunu "Report"a komandanın baş məşqçisi Nərgiz Qurbanova deyib.

O, rəqiblərin güclü olduğunu da vurğulayıb:

"Hər üç oyun bizim üçün həqiqətən çətin oldu. Uelsin güclü olduğunu bilirdik. Bu rəqiblə görüşdə müdafiədə daha inamlı oynamağa və çox top buraxmamağa çalışırdıq. Təəssüf ki, 0:7 hesabı ilə uduzduq. Qolların böyük əksəriyyəti standart vəziyyətlərdən vuruldu. Kosovoya qarşı da eyni şəkildə oynadıq. Uels qrupdan lider kimi çıxmağa nail olsa da, Kosovo ilə heç-heçə oynamışdı. Buna baxmayaraq, Kosovo A Liqasından gəldiyini hiss etdirirdi".

Baş məşqçi futbolçuların oyun keyfiyyətinin aşağı olduğunu söyləyib:

"Futbolçularımızın topla davranışı, həmçinin oyun keyfiyyəti aşağıdır. Digər iki rəqibə baxanda bu aşkar hiss olunurdu. Amma bu o demək deyil ki, ümidsiz olmalıyıq. Əslində bacardığımızı həyata keçirdik. Moldova ilə oyuna gəlincə, ötən il bu rəqibə qalib gəlmişdik. Bu dəfə onların futbolçuları bizdən daha yaxşı vəziyyətdə idilər. Təbii ki, bu səbəb deyil. Ən azı 1 xal qazanmağa çalışırdıq. Baxmayaraq ki, rəqib meydanında oynayırdıq və azarkeş amili də var idi. Düşünürəm ki, 3 xal da qazana bilərdik. Amma 1 xalla kifayətləndik".

N.Qurbanova planlardan danışıb:

"Təbii ki, qarşıda toplanışlar olacaq. Yanvar və fevral aylarında nəzərdə tutulur. Çünki martda yenidən Avropa çempionatının ikinci mərhələsi olacaq".

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin B Liqasının I qrupunda yer alan Azərbaycan millisi Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub. Millinin qrupdakı sonuncu - Moldova ilə matçı isə qolsuz yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti