"Neftçi"nin sabiq futbolçusu: "Komandaya yerli mütəxəssisin baş məşqçi təyin olunmasını istəyirəm"

Futbol
  • 25 noyabr, 2025
  • 12:13
Neftçinin sabiq futbolçusu: Komandaya yerli mütəxəssisin baş məşqçi təyin olunmasını istəyirəm

"Neftçi"nin sabiq futbolçusu Vidadi Rzayev komandaya yerli mütəxəssisin baş məşqçi təyin olunmasını istəyir.

Bu barədə "Report"a 58 yaşlı veteran yarımmüdafiəçi açıqlama verib.

O, "ağ-qaralar"ın Samir Abasovla vidalaşmasına münasibət bildirib:

"Baş məşqçilərin istefaya göndərilməsini mən də istəmərəm. Bunun tərəfdarı deyiləm. Amma nəticə yoxdursa, bu, qaçılmazdır. "Neftçi" rəhbərliyi də Samir Abasovun istəklərinin yerinə yetirildiyini deyir. İstədikləri oyunçuları da alıblar. Komanda ilk turlarda pis təsir bağışlamadı. Sadəcə, bəxtsizlik oldu. Yaratdıqları qol imkanlarından istifadə edə və istədikləri nəticəni qazana bilmədilər. "İmişli" ilə görüşdəki məğlubiyyət isə baş məşqçi istefası ilə nəticələndi".

V.Rzayev Abasova gələcək karyerasında uğurlar arzulayıb:

"Turnir cədvəlindəki hazırkı mövqe "Neftçi"yə yaraşmır. Samir Abasova gələcək karyerasında uğurlar arzulayıram. Klub bütün tələblərini yerinə yetiribsə, nəticə yoxdursa, deməli, baş məşqçi işin öhdəsindən gələ bilməyib. Amma yenə deyirəm, ilk turlarda pis təsir bağışlamadılar. Mən də belə olacağını gözləmirdim. Çempionluq uğrunda "Qarabağ"la başabaş rəqabət apara biləcəklərini düşünürdüm".

Veteran futbolçu Azərbaycan klublarında və milli komandada yerli mütəxəssislərin işləməsinin tərəfdarıdır:

"İfadəmə görə üzr istəyirəm. PRO kateqoriyasının buynuzu, qulağı yoxdur. PRO kateqoriyalı kifayət qədər mütəxəssisimiz var. Əcnəbi baş məşqçilərin heç biri "Neftçi"də uğur qazana bilməyib. Bütün uğurlar yerli baş məşqçilərlə bağlıdır. Bu səbəbdən "Neftçi"də yerli mütəxəssisin olmasını istəyirəm".

Qeyd edək ki, "Neftçi" ötən gün baş məşqçi Samir Abasovun istefaya göndərildiyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti