"Milan"ın 15 yaşlı futbolçusu A seriyasında debüt edərək rekorda imza atıb
- 26 noyabr, 2023
- 03:36
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya çempionatının XIII turunun “Fiorentina” ilə oyununda “Milan”ın 15 yaşlı (15 yaş 260 günlük) futbolçusu Françesko Kamarda debüt edib.
"Report"un məlumatına görə, 1:0 hesablı oyunun 83-cü dəqiqəsində meydana daxil olan hücumçu İtaliya çempionatında rekorda imza atıb.
Bundan əvvəl rekord 15 yaş 274 günündə "Genuya" ilə matçda əvəzetmədən meydana çıxan "Bolonya"nın müdafiəçisi Uisdom Ameyə məxsus idi.
"Milan"da hücumameyilli oyunçuların zədələri və diskvalifikasiyaları səbəbindən komandanın baş məşqçisi Stefano Pioli hücumun mərkəzində ancaq Luka Yoviçə arxalana bilib. Elə buna görə də 15 yaşlı Kamarda əsas komandaya çağırılıb.
Yeniyetmələr səviyyəsində italiyalı 89 oyunda 485 qol vurub. Kamarda bu yay gənclər komandasından "Milan"ın U19-na keçib. Keçirdiyi 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.